Mətbəx mebeli – hər bir evin və ya mənzilin ən vacib hissəsidir. Neçə otağınızın olmasından asılı olmayaraq yenə də mətbəx müasir insanın həyatında daha çox funksiya yerinə yetirir. Biz orada həm yemək hazırlayırıq və yeyirik, istirahət edirik, dostlarımızla görüşürük, kitab oxuyuruq, tikiş işləri ilə məşğul oluruq, iş görürük. Bir çox ailələr üçün mətbəx iş kabineti hesab olunur, orada gecə yarıya qədər kompüterin arxasında oturub iş görmək və ya heç kimə mane olmamaq üçün sakitcə oturub dərsləri hazırlamaq üçün ideal yerdir. Mətbəxdə olmağın maksimal şəkildə səmərəli olması üçün məkanın interyerini əvvəlcədən planlaşdırmaq və mebel seçiminə xüsusi diqqət yetirmək lazımdır. Mətbəx mebelinin rahat, funksional, müasir olduğu və Sizin zövqünüzə uyğun gəldiyi zaman xüsusi bir komfort yaranır və Siz özünüzü evdəki kimi hiss edirsiniz. Mətbəx üçün mebel seçdikdə aşağıdakı məqamlara fikir vermək lazımdır.
Mətbəx mebeli hazırlanması
Mətbəx mebeli dəstinə iş və yemək stolu, stullar, ərzaq məhsullarının saxlanılması üçün şkaflar və kiçik rəflər, məişət avadanlığı üçün fasadlar, divar panelləri (önlüklər) aiddir. Həmçinin mətbəxdə künc və ya adi divan, qab-qacaq üçün bufet və ya kamod, şərabın, səpələnən ərzaq məhsulları və ya ədviyyatlar üçün xüsusi modullar, güllər və noutbuklar üçün altlıqlar da qoyula bilər. Mətbəx üçün mebel seçməyin ən rahat üsulu eyni üslubda və eyni rəng çalarında olan qarnitur almaqdır. Fərdi dizayn layihəsi Sizə daha baha başa gələ bilər, lakin bu halda Sizin mətbəxiniz digər mətbəxlərə bənzəməyəcək, özünəməxsus bir üslubu olacaqdır. Mətbəx üçün mebel seçərkən nələrə üstünlük verəcəyinizə öncədən qərar verin – Rahatlığı, uzunömürlü olması, texnoloji cəhətdən müasirliyi, gözəlliyi, dəbli olması yoxsa dəyəri? Bəzən olur ki, çox dəbli və bahalı mebel keyfiyyətsiz çıxır və ya sadəcə Sizi yorur, sadə və gözə çarpmayan qarnitur isə istifadədə çox rahatdır və Sizə illərlə xidmət edir.
Mətbəx mebeli üçün materialın seçilməsi
Uzun illər ərzində mətbəx mebelinin öz yeni görünüşünü saxlaması üçün fasadların (qarniturun qapıları və üzdə görünən hissələri) hazırlandığı materiallara diqqət etmək lazımdır – məhz bu hissələr temperaturun və rütubətin təsirinə məruz qalır. Ağac materialdan hazırlanan fasadlar çox eleqant görünə bilər, lakin zaman keçdikcə öz formasını itirə bilər. Bugün klassika və modern üslublu mətbəx mebellərinin fasadları üçün ən uyğun və optimal material laminasiyadan keçmiş MDF lövhələrdir. Bu material ağac materialdan davamlıdır, temperaturun kəskin dəyişməsi və rütubətə qarşı dayanıqlıdır və həmçinin istifadədə çox rahatdır. Xay-tek üslubu üçün şüşə, plastik, MDFl-lə doldurulmuş alüminium profili və ya şüşədən fasadlar istifadə olunur. Bu, fasadların yaradılması üçün ən bahalı, lakin ən uzunömürlü və dəbli seçimdir.
İş və yemək stolu kimi nəzərdə tutulan mizin üst taxtasını seçərkən qalın olanını (38-40mm) və xüsusi rütubətə davamlı qatı olan miz taxtası seçmək lazımdır. Mizin üst taxtası bu göstəricələrə uyğun olduğu halda çox davamlı olur, korlanmır və onun üzərinə qaz plitəsi belə quraşdırmaq olur. Divar panelləri və ya “önlükləri” də bu göstəricilərə uyğun seçmək olar, lakin qalınlığı daha az olmaldır. Mizin üst taxtasının ən gözəl, ən uzunömürlü və bahalı variantı süni və ya təbii daşlardır.
Mətbəx üçün stullar və divan praktik və təhlükəsiz olmalıdır: iti küncləri olmamalı, döşəmənin üzərində sürüşməməli və asan təmizlənməlidir. Yumşaq mebel əvəzinə ağac materialdan hazırlanmış stullara üstünlük vermək, onların üzərinə rahat balışlar qoymaq məsləhətdir.
Furnitur seçimində çox ciddi yanaşmaq lazımdır. Lakin heç bir halda qənaət etmək lazım deyil.
Mətbəx mebelini necə yerləşdirmək lazımdır
Mətbəx mebelini üçbucaq prinsipi ilə yerləşdirmək daha məqsədəuyğundur. Mətbəxdə iş zonası kimi xidmət edən üçbucaq – plitə, mətbəx çanağı və soyuducu arasında qalan zonadır. Onların arasında boş sahə olmalıdır və iş stolunun hər bir tərəfindən onların hər birinə rahat və maneəsiz keçid imkanı yaradılmalıdır. Plitə, mətbəx çanağı və iş stolunun bir xətt üzərində yerləşdirilməsi ideal variantdır – bu halda ərzaq məhsullarını hazırlamaq daha asan olur və mətbəxdə eyni zamanda bir neçə nəfər iş görə bilər. “Üç mətbəx kitinin” yerini müəyyənləşdirməklə yemək stolunu, divanı və Sizə lazım olan digər mebelləri hara qoyacağınızı planlaşdıra bilərsiniz.
Mətbəxin planlaşdırılmasının ən məhşur variantı künc və ya L-şəkilli yerləşdirilmədir. Künc dolablarına çox əşya yerləşdirmək olur və bu, kiçik mətbəxlər üçün ideal seçim hesab edilir. Mebelin bir xətt üzrə yerləşdirilməsi ayrı nahar zonasının yaranmasına kömək edəcək. Qaz plitəsi və iş stolunun mətbəxin mərkəzində sanki bir “ada” kimi yerləşdirilməsi yalnız iri sahəsi olan mətbəxlərdə mümkündür.
Yaradıcılıq üçün iri bir məkanı Siz mətbəx-studiya sayəsində əldə edə bilərsiniz. Burada mebel vasitəsilə məkanın ayrı-ayrı hissələrinin zonalaşdırılması olmalıdır. İş zonasını nahar zonasından hündür bir dolab vasitəsilə ayırmaq olar.
Mətbəx mebelinin üslubları
Mətbəx mebelinin üslubunu seçərkən onu bütün evinizin ümumi konsepsiyası ilə uyğunlaşdırmaq lazımdır. 4 əsas mətbəx üslubu var: klassik, modern, xay-tek və kantri.
Klassik üslubda mətbəx mebeli
Klassik üslub dedikdə interyerdə olan bütün əşyaların gözəlliyi və həmahəngliyi, təbii materiallar, təbii rənglər, şüşənin üzərində naxışlar, zərif dekorun üzərində işləmələr və s. nəzərdə tutulur. Açıq rəngli mətbəx mebellərində adətən şüşə və ya güzgüdən olan dolab qapılarından istifadə olunur. Belə bir mətbəxə təbii güllər və bitkilər, rəngli süfrələr və yumşaq mebel kimi fərqli çalar təzadları lazımdır. Klassik üslublu mətbəx mebeli çox sadə də ola bilər, demək olar ki bəzək elementlərindən istifadə edilməyə bilər, lakin eyni zamanda çox zərif görsənə bilər, qızılı çalarlar, güzgü elementləri, təbii daşlar və dəyəri yüksək olan ağac növlərindən hazırlanan detallar və s. bu mebeli daha da gözəçarpan edəcəkdir.
Klassik üslubda mətbəx mebeli üçün eyni rəng çalarına üstünlük vermək çox vacibdir. Əgər mebel tünd rəngdədirsə, bu halda plitə, mətbəx çanağı və mətbəx əşyaları da ona uyğun olmalıdır. Tekstildən istifadə etməklə mətbəxi daha da canlandıra bilərsiz: dama-dama və gül naxışlı açıq rəngli pərdələr, zərif rənglərdə stul və divan üçün olar üzlər və s. Açıq rəng çalarlı eyni rəngə boyanan divarların fonunda tünd rəngli mebel xüsusilə gözəl görünür.
Modern üslubda mətbəx mebeli
Modern üslub həndəsi naxışlar, aydın xətlər, hamar səthlər və demək olar ki dekorun olmaması ilə səciyyələnir. Modern üslubda olan mətbəxin furnituru səthlərin üzərində olan xətləri təkrar edir və demək olar ki tamamilə fasadların içərisində “itə” bilər. Görünən hissələrdə heç nə qalmır: hər bir əşya fasadların arxasında gizlədilir. Bu üslubda olan mebel həm təbii ağac və daşdan, həm də süni materiallardan hazırlana bilər. Adətən çoxlu sayda şəffaf şüşələrdən, lampalardan və işıqlandırma sistemlərindən istifadə edilir. Rəng çalarlarında heç bir məhdudiyyət yoxdur.
Modern üslubda olan ağacdan hazırlanmış mebel klassik üslub, Skandinaviya üslubu və mətbəxə yeni baxış sevənlər üçün yeni bir istiqamətdir. Bu mebelin fasadı ağac materialdan hazırlanır, çox funksional və istifadədə rahat olur. Modern üslub tekstildən minimum səviyyədə istifadə edir. Bir qayda olaraq, belə bir mətbəxdə rəngli və gözəçarpan detal yalnız dolabların içərisində olanlar və masanın üzərindəki meyvə dolu qab ola bilər. İlk baxışdan modern üslubda mətbəx rahat görsənməyə bilər, lakin bu, zövq məsələsidir. Belə bir mətbəxi təmiz saxlamaq da çox asandır.
Modern üslubda mətbəx bəzən rəngli də ola bilər, misal üçün, Şərq üslubunda fasadlardan istifadə edilə bilər. Ənənəvi Yapon rəsmləri modern üslubun daha ciddi forma və konturlarına çox gözəl yaraşıq verir. Belə bir mebel dəstinin ətrafında artıq bütün mətbəxin dizaynı yer alacaqdır: minimum rənglər, əsas rənglər ağ və qara, bambuk jalüzlər, üzərində rəsmlər olan şirma, qara və çox hündür olmayan masa, hündür olmayan stullar və ya ümumiyyətlə stulların olmaması, Yapon üslubunda qab-qacaq və s. Yapon üslublu modern mətbəxin daha da dəbli görünməsi üçün ev sahibləri yumşaq kreslolar, dama-dama pərdələr, samovar və digər Yapon üslubunda aid olmayan dekor elementlərini almaqdan çəkinməlidirlər.
Xay-tek üslubunda mətbəx mebeli
Çox dəbli xay-tek üslubu gələcəyə atılan bir addımdır. Bu üslubda olan mətbəx mebeli yüngül görünür, az yer tutur və diqqəti öz üzərinə çəkmir. Xay-tek üslubunda olan mətbəxdə əsas materiallar şüşə, metal və plastmasdır, heç bir ağac materialından və yumşaq mebeldən istifadə edilə bilməz, hər şey aydın və yığcam olmalıdır. Xay-tek üslubu mətbəxdə rahat görsənməyə bilər, bir qədər “soyuq üslub” təəssüratı bağışlaya bilər, lakin bu üslub funksionallığı, işığı sevənlər üçün ideal seçimdir. Rəng olaraq boz rəngin bütün çalarları, bəzən gümüşü və qara, nadir hallarda mavi və qəhvəyi rənglərdən istifadə olunur.
Kantri üslubunda mətbəx mebeli
Kantri üslubunda mətbəx mebeli daha çox kiçik mətbəxi və böyük ailəsi olanların seçimidir. Rahatlıq və sadəlik bu üsluba xasdır. Mətbəx mebelində kantri üslubunun səciyyəvi xüsusiyyəti təbii ağac materialdan hazırlanmış olmasıdır. Kantri üslublu mebel özündə klassik üslubun xarici görünüşü ilə modern üslubun sadəliyini birləşdirir. Bu üslubda “isti” rənglərdən: qəhvəyi, narıncı, yaşıl rənglərdən istifadə olunur. Mebel ağ və fil sümüyü rəngində də ola bilər, bu halda mətbəxi tekstil vasitəsilə canlandırmaq olar.
Hansı üslubda mətbəx mebeli seçməyinizdən asılı olmayaraq ilk növbədə mətbəx mebeli Sizin ailə üzvlərinizi sevindirməli və orada vaxt keçirənlərin rahatlığına xidmət etməlidir.
Dostlarınla paylaş